|
«215 KL» NƏ DEMƏKDİR VƏ ÇİNGİZ BU STUDİYANI
NİYƏ TƏRK ETDİ…
Müsahibim «215 KL» studiyasının
direktoru Nicat Əliyevdir
- Nicat bəy, «215 kl»
nə deməkdir və bu studiya necə yaranıb?
- Mən televiziyanın kommersiya mərkəzində işləyirdim.
Moskvanın «Vesti» proqramına baxdıqdan sonra bizim
televiziyamızda da belə bir proqramın olması məni
çox düşündürürdü… Rəhmətlik Çingizlə bu barədə
tez-tez söhbətlərimiz olurdu. Onda Çingiz Demokratik
Rossiya mətbuatının Zaqafqaziya üzrə müxbiri idi.
Biz Çingizlə roportajlar hazırlamağa başladıq.
İlk reportajımız sentyabrda Yeltsinlə, Nazarbayevin
Qarabağa gəlməsinə həsr olundu. Sonra başqa çəkilişlərimiz
də oldu. Gəncədən, Xankəndindən… Nəhayət, qərara
aldıq ki, bizim özümüzün ayrıca proqramımız studiyamız
olmalıdır ki, çəkdiyimiz materialları bu studiyadan
verə bilək. Beləliklə, rəhbərliyə müraciət elədik,
icazə aldıq. Hazırladığımız proqrama nə isə yaxşı
bir ad qoymaq istəyirdik, amma nə qədər fikirləşdiksə
tapa bilmirdik. Bir gün Çingizlə «Moskva» mehmanxanasının
kafesində çay içirdik… Birdən Çingiz belə bir
fikir irəli sürdü ki, studiyanın yaranması haqqında
verilən əmrin nömrəsi necə olsa, bu rəqəmi də
ad kimi qəbul eləyək. Beləliklə, əmrin nömrəsi
oldu 215. Əmr rusca verildi. KL- «kadrovıy listok»
sözlərinin baş hərfləridir. Studiyamız oldu «215
kl». Bu, Çingizin özünün ideyası idi… Oktyabrın
17-də ilk verilişlərimizi verdik…
- Çingiz haqqında nə deyə bilərsiniz?
- Çingiz çox obyektiv oğlan idi. Qəribəliklər
var idi onda. Hər şeydə bizdən seçilirdi. İstər
geyimində, istər danışığında, hərəkətlərində.
Biz öyrənmişdik rəhbərlik altında işləməyə, necə
deyərlər çərçivədən çıxmağa. Çingizdə isə bunlar
yox idi. O, azad idi. Azadlığı, sərbəstliyi sevirdi.
Ona elə gəlirdi ki, nəyi istəsə, istədiyi cür
çəkib efirə verə bilər. Bacarıqlı və zirək oğlan
idi. Qaynar nöqtələrə getmədən heç bir vaxt çəkinmirdi…
- Doğrudanmı Çingiz Ayaz Mütəllibovun
adamı idi və ona xidmət edirdi?
- Xeyr. Qətiyyətlə deyirəm. Çingiz onu əvvəllər
şəxsən tanımayıb, onları mən tanış etmişəm.
- Ayazla sizin şəxsi tanışlığınız var
idi ki?
- Şəxsi yox… Amma mən informasiya şöbəsində işləyəndə
tez-tez çəkilişə gedirdik. Burdan tanıyırdım onu.
Televiziyada baxırdıq ki, rəhbərlərdən çox süni,
həm də sönük müsahibələr və reportajlar hazırlayırlar.
Biz də istəyirdik ki, bunu bir qədər canlı hazırlayaq.
Alma-Ata görüşlərindən reportajlar Ayaz Mütəllibovdan
müsahibələr hazırladı Çingiz… Bütün bunlardan
sonra Çingizi Mütəllibovun adamı, studiyanı isə
Mütəllibovun studiyası adlandırırdılar. Elə bu
yaxınlarda teleşirkətin təzə sədri qəzetlərin
birinə verdiyi müsahibədə «215 kl» studiyasının
A.Mütəllibov tərəfindən yarandığını göstərmişdi.
Biz isə buna cavab verdik, etirazımızı bildirdik.
- O vaxtlar qəzetlərdə belə bir dəb düşmüşdü.
Hamı Çingizdən yazır, «Çina»nı tənqid atəşinə
tuturdular. Bunlar onun yaradıcılığına təsir eliyərdimi?
- Bu yazılara o, heç fikir də vermirdi. Qəzetlər
yazırdı, Çingiz isə reportajlar hazırlayırdı.
Ağdamdan, Xankəndindən, Qarakənddən… O özünün
yeni proqramını yaratdı. Televiziya informasiya
proqramı (TİP). Sonradan ünvanımıza bu sözləri
də dedilər ki, tiplər yığışıb bir yerə.
- Bəs elə isə nəyə görə Çingiz «215 kl»
studiyasında işdən çıxarılırdı?
- Bayaq dediyim ki, o azadlığı, sərbəstliyi daha
çox sevirdi. Bu sərbəstlik bəzən özbaşınılığa
da gətirib çıxarırdı. Bizimlə razılaşmaq istəmirdi.
Bacarığı, istedadı onu populyarlaşdırdı, tanıtdırdı,
sevdirdi tamaşaçılara. Get-gedə bu populyarlıq
eqoistliyi daha da gücləndirdi onda. Bizə yuxarıdan
baxırdı…
Məsələni bədii şuraya qoyduq. Səhvini üzünə dedik.
O isə acıqlanaraq qapını çırpıb getdi. Beləcə
studiyamızı tərk etdi. Sonradan reportajlarını
özü azad informasiya adı altında verirdi.
- Bəs niyə Çingizin ölümündən sonra Azərbaycan
«Nyuservis» şirkətinin hazırladığı proqramda onu
teleşirkətin rəhbərliyi tərəfindən işdən çıxarılması
kimi təqdim etdilər?
- Bu düz deyil. Bəlkə onlar elə başa düşürlər.
Rəhbərliyin bu işdən xəbəri yox idi. Əksinə, onlar
istəyirdi ki, biz barışaq, yenidən birgə işləyək.
Əlbəttə, bizim birgə işləməyimiz Çingiz üçün də,
studiyamız üçün də yaxşı olardı. O, bizdən çıxıb
getsə də, biz həmişə onun mövqeyini müdafiə etmişik.
İndi də müdafiə edirik. Çingiz Azərbaycan televiziyasının
ilk telereportyoru idi.
- Onun ölüm xəbərini necə eşitdiniz?
- Uşaqlarla oturub çay içirdik. Bir də gördük
bizim əməkdaşımız İdris Mikayılov qaça-qaça gəldi
ki, bəs deyirlər Çingizi öldürüblər. Yerimizdən
dik qalxdıq. Özümüzü bir anlığa itirdik. Mən tez
Prezident Aparatı mətbuat xidmətinə zəng vurdum.
Niyazi bəylə danışdım, əyyarə istədim. O da Pənah
Hüseynova zəng vurub bildirdi. Nə isə, təyyarə
alıb getmək istəyirdim ki, məlumat gəldi ki, artıq
40 dəqiqə olar ordan yola salıblar. Təyyarəni
Zabratda qarşıladıq…
- Tamaşaçıların «215 kl» studiyasının
Çingizdən sonra maraqsız olması fikrini qəbul
eləyirsinizmi?
- Qarabağ mövzusu sıradan hə… Tamaşaçılarla razıyam.
- İndiki əməkdaşlarınız arasında Çingiz
kimi razı qaldığınız reporyorunuz varmı?
- Xeyr.
- Nicat bəy, siz Çingizlə yaxın olmusunuz.
O isə həyatının sonuna qədər sizinlə küsülü oldu.
Bu sizə ağrı vermirmi?
- Əlbəttə, ağrı verir. Mənim ona deyiləsi sözlərim
çox idi, lap çox… Ola bilsin ki, onun də mənə
deyiləsi sözləri qaldı…
- Müsahibəyə görə çox sağ olun.
Müsahibəni apardı:
Roza Əliqızı.
“MÜXALİFƏT” qəzeti
3 noyabr 1992..
|
 |