ÇİNGİZ ÖMRÜ…
İyunun 15-də mərhum jurnalist Çingiz Mustafayevin
vəfatından 5 il keçir.
Acı həqiqətləri kameranın köməyi ilə tarixin
yaddaşına köçürən Çingiz… Hamının bu həqiqətlərin
düz «gözünün içinə» baxmağa məcbur edən bir
İNSAN…
1960-cı il avqustun 29-dan 1992-ci il iyunun
15-nə kimi olan yaş dövrü çox qısadır – cəmi
32 il. Amma mənalı, mübariz, cəsarətli, HAMIYA
örnək olası ömürdür. Vətəninin sevən, onun üçün
yaşayan və onun uğrunda özünü qurban verən bir
vətəndaş ömrüdür…
Çingiz şəhiddir, onun vəfatının xatırlandığı
günlərdə gözləri tez-tez dolan bir ananın şəhid
övladıdır. Çingiz 9 aylıq körpə Fuadını qoyub,
əsrimizin faciəsini – Xocalı qırğınını bütün
dünyaya haray çəkmək üçün yollananda. Bu yolun
sonunun ŞƏHİDLİK olacağını yəqin ki, fikirləşirdi.
Naxış xala üçün o günlərdən danışmaq çox ağırdır:
«Xocalıdan sonra Çingiz özünə gələ bilmirdi.
Çətin idi onun üçün. «Mən getməyim, o getməsin,
bəs kim getsin?»- deyirdi. Düz 5 il bundan qabaq
iyunun 13-ü çıxıb Bakıdan. O vaxtdan düz 5 ildir
ki, Çingiz Bakıda yoxdur».
Hə, Naxış xala yaman kövrəldi. Çingizin 5 ildir
Bakıda olmadığını söylədi. Amma… Çingiz buradadır,
özü də təkcə Bakıda yox, bütün Azərbaycandadır
– Vətənini, torpağını sevən adamların qəlbində,
kövrək yaddaşlardadır. Həmişə bizimlə BİRGƏDİR…
Sabah həmkarımız, istedadlı jurnalist Çingiz
Mustafayevin vəfatının 5-ci ildönümüdür.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun…
Z.Sabirqızı.
“MİLLƏT” qəzeti.
10.06.1997.