«ÜZ-ÜZƏ»
İnsan dünyaya gəldiyi gündən ölüm adlı bir
kabus addım-addım gəzir onun ardınca. Kimi bu
ölümdən qorxub qaçır, kimi isə ölümün gözünün
içinə dik baxaraq ona doğru irəliləyir. Və çox
zaman belə insanların ölümü ilə ölümün acığına
ölümsüzlüyə çevrilir. Belə insanlar də qəlblərdə,
ürəklərdə ədəbi həyat qazanıb ölümə meydan oxuyurlar.
Belə ədəbi həyat daşıyıcılarından biri də Çingiz
Mustafayevdir.
Son vaxtlar ölümün adiləşdiyindən çox yazırlar.
Lakin hər ölümün adiləşdiyi fikri ilə heç cür
razılaşa bilmirəm. Çingizin ölümü adiləşə bilərmi?
Artıq 5 ilə yaxın bir müddətdi ki, Çingiz cismani
şəkildə aramızda yoxdu. Lakin onun əməlləri,
döyüşkən ruhu, tükənməz enerjisindən, jurnalist
bacarığından yaranan maraqlı verilişləri, yaşadığımız
faciələri son dərəcə dəqiqliklə yaddaşında saxlayan
kino lentləri hələ də bizimlədir. Fikirləşəndə
ki, Çingiz hələ nələr yarada bilərdi… Hansı
mətləblərin üstünü aça bilərdi, onun yoxluğu
yaxıb-yandırır bizi… Bəlkə də elə bütün bunlar
səbəb oldu onun vaxtsız ölümünə… Hakimiyyət
davalarının, vəzifə alverlərinin Çingiz kimi
oğullarımızı əlimizdən almasına görəsən nə vaxta
kimi dözəcəyik?.. Görəsən, bizi yolumuzdan sapdıranlara
lənət oxuyub birdəfəlik onlardan uzaqlaşmaq
üçün hələ çoxmu qurbanlar verəcəyik?
Yazımı ölümlə başladım, ölümlə də bitirmək istəyirəm.
Bir şairin dediyi kimi, ölüm sevinməsin qoy!
Sevinməsin ki, o Çingizi bizdən ayıra bilmədi…
V.RZAYEVA
“YENİ AZƏRBAYCAN” qəzeti
18 iyun 1997.