TARİX YARADANLAR ÖLMÜRLƏR
Hamımız kimi o da adi bir gündə dünyaya gəlmişdi.
Atalı-analı, dəcəl, qayğısız uşaqlıq ömrünü
yaşadı. Böyüdü, boy atdı, gəncləşdi. Tələbəlik
sevincini yaşadı, ali tibb təhsili aldı, həkim
oldu. Sevdi, sevildi, özünə yuva qurdu, ocaq
sahibi oldu. Yaratmaq, hər gün təzə bir yenilik
etmək arzusu ilə yaşayırdı. Yaşayırdı… Tanrı
aman, əcəl, möhlət versəydi nələr eləcəkdi!
Lakin qısa ömür yolunda şərəfli ölüm düşdü qismətinə.
Şəhidlik zirvəsinə yüksəldi, öz ölümüylə Vətənə
olan sevgisini sübut etdi, övladlıq borcunu
verdi Vətənə, ölməzliyə qovuşdu. Haqq-ədalət
carçısı kimi indi kiçikli-böyüklü, hamımızın
yaxşı tanıdığı bir ad qoyub getdi: Çingiz Mustafayev…
Dost deyib, süfrəmizin başında əyləşdirdiklərimizin
torpaqlarımıza təcavüzü başlayanda Çingiz də
mübarizəyə qalxdı. Bir həkim kimi cəbhədə neçə-neçə
yaralını yenidən həyata qaytarmaq üçün biliyi,
silaha sarılıb vuruşmaq üçün boyu-buxunu, güc-qüvvəti
də vardı. Lakin o başqa bir yol tutdu. İnformasiya
blokadasında boğulan xalqa düzgün, obyektiv
informasiya lazım idi. Ədalətsizlik, xəyanət,
özbaşınalıq, haqqımızda danışılan yalnış informasiyalarla
barışa bilmədi Çingiz. Gözü kameranı tutdu.
Kameraya olan məhəbbət onu AzTV-yə gətirdi.
AzTV əvvəl onu «215 KL»ə, sonra isə siyasi oyunlar
meydanına çevrilmiş Qarabağa göndərdi. Göndərmədi,
vicdanının səsinə səs verib özü yollandı Qarabağa.
Vəzifəsini və məsuliyyətini gözəl dərk edən
Çingiz cəbhəyə təkcə jurnalist-operator kimi
deyil, həm həkim, həm döyüşçü, bir sözlə, əsl
Azərbaycan oğlu kimi yollandı. Ən başlıca məqsədi
isə Qarabağ həqiqətlərini «kar» olmuş qulaqlara
bağırmaq, kor olmuş gözlərə soxmaq oldu. Getdi…
Həqiqəti bəşəriyyətə çatdırmaq, neçə-neçə döyüş
səhnələrini, sapı özümüzdən olan baltaların
xəyanətlərini, əndəhşətlisini, Xocalı soyqırımını
tarixin qan yaddaşına yazmaq üçün.
Ərin faciəsi olan Xocalı soyqırımının altıncı
ildönümü ərəfəsində o günlərin dəhşətlərinə
kamerasının gözü ilə baxdığımız cəsur jurnalistin
atası Fuad Mustafayevlə görüşüb, mərhum həmkarımızı
yad edirik:
-Çingiz uşaqlıqdan qorxu bilmirdi. Qorxmadığı
üçün də heç nədən ehtiyat etməzdi. Olduqca zəhmətkeş
bir insan idi. Tələbə sanatoriyasında baş həkim
işlədiyi vaxtlar ordan-burdan həmişəyaşıl ağacları
tapar, sanatoriyanın həyətində əkərdi. Oradakı
ağacların hamısını Çingiz öz əlləriylə əkib.
Olduqca mülayim, xoşxasiyyət idi. Uşaqla-uşaq,
böyüklə-böyük. Musiqini çox sevərdi. Xalq musiqimizlə
yanaşı, xarici musiqini də gözəl bilirdi. Radioda,
televizorda hər hansı musiqi səslənsəydi dərhal
kimi əsəri olduğunu deyərdi. Güclü hafizəsi
vardı. Elə musiqiyə olan hədsiz sevgisindən
idi ki, «Yaşıl teatr»ın nəzdində istedadlı gənc
musiqiçilərdən ibarət ansambl yaratmışdı. Televiziyada
«215 KL»i yaratdı. Elə «215 KL»in də ömrü qısa
oldu. Çingiz cəbhədə ikən studiyanı bağladılar
və özünü də işdən azad etdilər. Görünün onun
fəaliyyəti kimlərəsə sərf etmirdi. Televiziyamızda
onun çəkilişlərini vermirdilər. Çingiz isə çəkdiyi
kasetləri kiçik qardaşları ilə birbaşa Moskvanın
«Vesti» proqramına göndərirdi. Arzusu istəyi
xalqa obyektiv, düzgün informasiya çatdırmaq
idi. Bəzən bir ata kimi ehtiyatsız davrandığından
narahat olduğum üçün onu bu yoldan çəkindirməyə
çalışırdım. Hər dəfə də «Mən getməyim, o getməsin,
bəs kim getsin?» deyə cavab verərdi. «Millət»
sözü dilindən düşməzdi. O, vətən yolunda, millət
yolunda canını qurban verdi. Mən bir ata kimi
onunla yalnız fəxr edə bilərəm.
Əsrimizin Qarabağ qalmaqallarının düyününü açmağa
çalışan, ömrümüzün faciələrlə dolu müəyyən dövrünü
tarixin qan yaddaşına yazan Çingiz sözün əsl
mənasında özü bir tarix yaratdı. Bəli, tarix
özü Çingiz kimi düşüncəli, uzaqgörən, igid,
cəsarətli oğullar tərəfindən yaradılır. Tarixsə
ölmür və onu yaradanları daim yaşadır.
İllər keçdikcə Çingiz nağıllar, əfsanələr qəhrəmanına
çevriləcək. Lakin onun haqqında nağıllar «Biri
vardı, biri yox» sözlərilə başlayacaq. Qanı
və canı bahasına canlı və əyani tarix, həmkarları
üçün ölməz bir məktəb yaradan Çingiz Mustafayev
olub, var və həmişə bizimlə olacaq.
Azər BABAYEV
22.02.1998.