SƏN GƏLƏCƏKSƏN…
Bəzən elə adamlar olur ki, onların həyat tarixini
yazmaq üçün bütün xalqın bir ölkənin və ya xalq
həyatında müəyyən bir dövrünün tarixini yazmaq
lazım gəlir.
Yaşadıqları mühit, cəmiyyət və məişətin irəliyə
doğru yürüməsində addımbaşı onların adı görünə
bilər. Onların şəxsi həyatından ümumi həyatı
ayırmaq istədikdə isə yerdə heç bir şey qalmır.
Bəli, bu gün haqqında söhbət açmaq istədiyim
Çingiz Mustafayev şəxsi həyatı ümumi həyatdan
ayrılmayan insanlardandır.
Düşmən tapdağı altında inləyən doğma Vətənin
səngərlərini özünə ev, əsgərləri dost, qardaş
bilən, demək olar ki, həmişə onlarla bir yerdə
olan Çingiz Mustafayev Azərbaycan jurnalistikasını
demokratik prinsiplər əsasında inkişaf edib
möhkəmlənməsində çox böyük iş görmüşdür. Məhz
buna görədir ki, haqqı nahaqdan seçən, doğru
söz demək bacarığına, iti jurnalist qələminə
sahib olanlar onu ehtiramla xatırlayırlar.
Mən də onu unuda bilmirəm. Onu həmişə yanımda
hiss edirəm.
Deyirlər, insanlar ruhlarla yalnız yuxularda
görüşürlər, təmasda olurlar.
Mən yuxulara inanmırdım. O gecə Çingizi yuxuda
görməsəydim, onun ruhu ilə görüşməsəydim, həmin
durumda da qalacaqdım.
Yuxumda qəmgin gördüm onu həm də bir az küskün…
İllərdən bəri məni narahat edən sualı verdim
ona:
«Gülləni kim vurdu sənə? Onu tanıyırdınmı? Gördünmü?».
«Ax əclaf!» dedin güllə dəyəndə niyə susdun?
Yoxsa, zalım qəfil güllə aman vermədi sənə?..
O güldü. Qəribə bir gülüş idi bu gülüş. Susdu.
Göyə baxdı, sanki öz ulduzunu axtardı ulduzlar
arasında.
Kamerasını soruşdu. Özümü itirdim, dondum, yalan
danışa bilmədim. Ona düzünü demək istəyəndə
bulanıq bir duman içində itirdim onu.
Yuxuda ruhlarımız görüşmüşdü, sevindim buna,
lakin yenidən ayrılıq incitdi məni.
Xatirələr vərəqləndi şüurumda. Görüşə gəldi
Çingiz xatirələr qanadında. Necə var, bax eləcə,
səmimi, gözəl qamətli, bir az qəmgin. Bir az
gülər. Qabaqdan geniş alnını, arxadan çiyinlərini
sığallayan saçları, səsi, qayğılı baxışları,
gözəl duruşu, gülüşü. Çılğın çağırışı, göz yaşları
ilə…
Sən həkim idin – reportyor, oldun. Təsadüfmü,
yanlışmı? Bu sənin həyatda seçdiyin əzablı yol,
tale yükün idi.
Həyatın tələbinə qəlbin cavab verdi sənin.;
Vətənə məhəbbət hissi, torpağa bağlılıq, milli
qürur hissi böyük amallarla səslədi səni. «Qarabağ»
adlı Vətən yarası göynətdi qəlbini. Sən getdin,
amma silahsız, gülləsiz…
Silahın kamera, kassetlərin gülləyə çevrildi.
Heç bir qadağa, soyuq-boran qar, narahat gecələr
ölüm qoxuyan döyüşlər, daha bilmirəm nələr,
nələr… qorxutmadı səni. Çünki sən ölümdən güclü
idin, Çingiz!
Xatirələr vərəqləndikcə yuxu kimi gəlir mənə.
Ancaq bu yuxu deyil, bu həyatdır. Sən cavan
idin təmkinlik, özünü qorumaq hissi səndən uzaq
idi.
Siyasətçi olmasan da, siyasi münaqişələr girdabından
alnı açıq çıxırdın.
İspulsiv cavabların: hazırcavablığın, hər şeyə
cavab axtarmaq istəyin, çağırışların, ustalığın
qara qüvvələrin zalım məleykələrinə xoş gəlmədi…
Onlar apardı səni…
Vətən üçün igid bir qəhrəman oldun, əbədiyyətə
qovuşaraq təkcə anan Naxış xalanın yox,bütün
bir elmin, xalqın oğluna çevrildin. Sənin çəkdiyin
reportajlar milli müstəqilliyimizin tarixini
özündə əks etdirən fimotekamızda əvəzsiz yer
tutur.
Neçə-neçə reportajlarına qadağalar qoyulsa da,
Xocalı fəciəsini bütün dünyaya tanıdan sən oldun.
Şuşa, Laçın, Ağdərə, Ağdam…
Son reportaj. Naxçivanik uğrunda gedən döyüş
«Mərmilər partlayır, tanklar yanır, əsgərlər
səngərdən-səngərə atılaraq döyüşür. Sən isə
bu qəhrəman, qorxmaz əsgərlərin döyüş səhnələrini
lentə alırsan. Bu an zalım güllə səni haqlayır.
Kameran – silahın əlindən yerə düşür, lakin
o çəkməkdə davam edir…»
Sən yuxu kimi qeybə çəkilirsən. Müharibə isə
davam edir… hələ görülməli çox işlər var. Ana
Vətən yaralıdır.
Bilirəm, dözməyəcəksən, yenə gələcəksən ağ at
üstündə. Yeni simada, daha güclü, daha qəddar,
daha cəsur həqiqət təntənəsinin carçısı kimi.
Torpaqların azadlığı uğrunda xalqımızın qəlbinə
qeyrət toxumu səpməyə…
Naxış anaların gözlərinin qəmli yaşını silməyə…
Əziz ciyərparasının Sənsizliyini duymağa…
Sən gələcəksən. Qələbə bayrağımızı çəkməyə.
Himnimizi səsləndirməyə. Sən gələcəksən, Qarabağ
faciəsi salnaməsini tamamlamağa; Gələcəksən,
gələcəksən… mütləq gələcəksən, Çingiz!
Elbrus TAĞIYEV
9-16 iyul 1999.