ÇİNGİZ MUSTAFAYEVİN AD GÜNÜNƏ
ƏGƏR SƏN QAYITSAN…
Viran olmuş yurd yerlərinin, əldən getmiş
bölgələrimizin, şəhidlərimizin dərdi, «qaçqın»,
«köçkün», «didərgin» damğası vurulmuş soydaşlarımızın
faciəsi dünyanın özü boyda daş olub, asılıb
ürəyimizdən. Dünya bu gün özü bizim içimizdədir,
varlığımızdadır. O üsyan edir, ağlayır, səsləyir,
əl edir, fərman verir, qırğın törədir, bəzən
fikrə gedir, bəzən də heç nə olmamış kimi məsum
uşaq tək gülümsəyir. Sirlərindən baş açmaq mümkün
olmayan bu qoca dünyanın hər üzünü görməkdəyik…
Belə olduqla, bəs, nəyə qalıb gümanınız? Güman
yerimiz təkcə ağıldır, ağıl! Ağıl, bizim istinadgahımız,
qalamızdır. Ona görə də mənfi emosiyalardan
bacardıqca qaçmaq, uzaqlaşmaq lazımdır.
Bu dünyanın üzü nə soyuqmuş Allah! Gör, ağılsızlıq
ucbatından nələr olub, kimlər əldən gedib, dildə
sözü qalıb könüllərdə xatirəsi. Gör kimlərlə
əl-ələ verib, görə biləcəyimiz xeyirxah işlərin
təməli qoyulmamış, barxanası uçuldu-söküldü.
Gör, kimlərlə bərabər, nələr külə döndü. Saf
arzular puç oldu, qönçə ikən öz butasına soldu…
Biz hamımız, Vətən adlanan bu laləzar torpağın
bir parçasıyıq, kiçik bir daşıyıq. İndi, dərdlərin
üstün gəldiyi bir vaxtda, kimi haraylayaq, kimə
əl uzadıb, köməyə çağıraq? İstedadı, qabiliyyəti
ilə öyündüyümüz nə qədər adam daxili və xarici
xəyanətlərin sayəsində sıradan çıxarıldı. Onların
arasında güvəncimiz Çingiz Mustafayev də var.
Qoy jurnalistlərimiz inciməsinlər, Çingiz Azərbaycan
jurnalistikasının nəhəng daşı idi. O, ekrana
yeni nəfəs gətirmişdi. O nəfəs həmişə təzə-tər
idi. O nəfəsdən bahar təravəti duyulurdu. Təbiətcə
qaynar idi. Çoxunun bacarmadığı, sözü ilə demək
bacarığı, mərdlik, cəsurluq vardı Çingizdə.
O həm də tükənməz enerji sahibi idi. Bu gün
biz, Çingizli dünyamızın, Çingizsiz anlarını
yaşayırıq. Qəhrəmanımız, aramızda qismən yoxsa
da, mənən, ruhən həmişə bizimlədir. Hər dəqiqə
şirin gülüşlərini eşidir, qayğılı gözlərinin
bizləri müşaiyət etdiyini hiss edirik. Bəzən
nəyinsə haqqında yazmaq, fikir yürütmək istəyəndə
düşünürük: Çingiz belə deyərdi, belə edərdi…
Taleyi bəlli olmayan kamerasında əllərinin hərarəti,
gözlərinin ziyası qalıb. Kamerası harada qalıb
Çingizin? Müxtəlif şaiyələr qəlbimizi ağrıdır.
Axı o, Çingizin bizlərə qoyub getdiyi ən qiymətli
əmanətidir?! Əmanətə də xəyanət olarmı?! Kamerası
ilə qarış-qarış cəbhə bölgələrini gəzən Çingizimizin
ayağı dəymiş o torpaqlar, mənfur düşmənləri
gec-tez qoynuna çəkib,udacaq. Çünki Vətənimizin
o dilbər guşələrində Çingizimizin gözü qalıb.
O, susduruldu . Ondan həyata vəsiqə almış «215
KL»in verilişləri, «Üzbəüz»ün biçimli dialoqları
da susdu. Ömrü, bu müəllif ömrü kimi yarımçıq
qalırdı. Onun zərif bir gül tək solan ömrünə
sevinənlərbilsinlər ki, bir nəfəri, 10-15, lap
min nəfəri susdurmaq olmaz. Bir Çingizin əvəzində,
on Çingiz doğulub. Bu, düşmən üçün daha qorxuludur.
Amma o yenə də bizim üçün bir dünya sevinc,
zülmətdə bir işıqdır.
O, bu torpağın vurğunu idi. Çünki bu torpaqda
Cavanşir, Babək, Koroğlu, Nəbi doğulub O, bu
millətin vurğunu idi. Çünki bu millət Atilla,
Mete, Oğuz xan, Tomris, Nigar və Həcəri dünyaya
bəxş etmişdir.
Qəhrəmanlar yetirən bu torpaqda bir Çingizimiz
vardı. O da bizdən ayrılıb, durnalar kimi qatarlanıb
uçan «ruh qatarına» qoşuldu.
Hardasan, qardaş hardasan? Bəzən ayrıldığın
o bahar fəsli də bir ayrı biçimdə gəldi, getdi.
Bu harımız da ötən baharlarımız kimi yarıkönül
güldü. Axı necə də ürəkdən gülsün? Qəm karvanına
sarıban olan könüllər dilində nəğmələr necə
çağlasın, arzular necə tumurcuqlasın?!
Bu dərd-qəm nədir, İlahi?! Öz böyüklüyünü, sənə
asi düşənlərə sübut etmək üçünmü faciələrimizə
göz yumursan? Axı, sən həm qadir, həm də adilsən?!
Dərgahına üz tuturam, ilahi, sən özün yolundan
azanları yoluna qaytar, itkilərimizin qarşısını
al!
Qayıt, Çingiz, qayıt. Əgər sən qayıtsan elə
bilərəm ki, döyüşçülərinə qəzəbdən boğula-boğula
yalvardığın Laçınım qayıdır. Əgər sən qayıtsan,
talelərin ürəklərdə qurduğu dərd yuvaları dağılar,
iran olmuş köksü çarpaz dağlı Xocalım qayıdar!
Qayıt, hardasan mənim qəhrəman, ərən qardaşım?
Qayıt. Bəlkə başı, yaralı köksünə düşmüş güllər,
çiçəklər də sağala. Əgər qayıtsan sellər, sular
çağlayar, qayıt! Qayıt, axı Ad günündür, 9 ildir
ki, boş qalmış yerin səni səsləyir! Qayıtsaq,
göz yumduğun o bahar da bu dəfəki gəlişilə sənli
günlərdə olduğu kimi minbir nəğməli, sazlı-sözlü
olar! Mən buna inanaram, əgər sən qayıtsan…
Zəmina ELTURAN
“YENİ ZAMAN” qəzeti
31 avqust-6 sentyabr 2001.