İLDƏ İKİ DƏFƏ XATIRLANMAQ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI
ÇİNGİZ...
29 avqust - Milli Qəhrəman Çingiz Mustafayevin
doğum günüdür
Azərbaycan xalqı yatmış şirə, pələngə bənzəyir.
Ayağa qalxdımı, bəndləri, bərələri dağıdacaq.
Keçilməz yollardan keçərək istəyinə nail olacaq.
Elan olunmamış Ermənistan-Azərbaycan müharibəsi
başlananda, dinc soydaşlarımız doğma ev-eşiklərindən
didərgin salınanda da belə oldu.
Ucu-bucağı görünməyən izdihamlı mitinq, küçə
yürüşləri fil qulağında yatanları belə silkələdi,
qəflət yuxusundan oyatdı. O zaman kömək məqsədilə
Dağlıq Qarabağa və Ermənistanla həmsərhəd bölgələrə
könüllü yola düşənlərin arasında mən də vardım.
Gah tikinti-abadlıq, gah müdafiə, təhsil, gah
da digər işlərdə yerli əhaliyə arxa-dayaq olmağa
çalışır, mövcud problemin xalqımızın xeyrinə
həll olunması üçün əlimdən gələni əsirgəmirdim.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı
yenicə baş vermişdi. Ağdam bölgəsindəki qeyrətli
həmvətənlərimlə birgə həm əl-ayaqlarını don
vurmuşları xilas edir, meyitləri çıxarır, həm
də bölgə müxbiri işlədiyim “Səhər” qəzeti ilə
mütəmadi əlaqə saxlayırdım. Fevralın 28-də günortadan
sonra - saat 17-18 radələrində Azərbaycan televiziyası
“215 KL” studiyasının əməkdaşı, operator Çingiz
Mustafayevin respublikanın sabiq ədliyyə naziri
Əlisaab Orucovla birgə Ağdama gəldiyini eşitdim.
Ondan bir gün əvvəl isə Müdafiə Nazirliyinin
ilk hərbi operatoru, baş leytenant Seyidağa
Mövsümlü, C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının operatoru Nizami Abbas, assistent
Elnur Hüseynov bölgədə çəkiliş aparmaq üçün
Ağdama gəlmişdilər. “Azərinform”un bölgə müxbiri
Elxan Rüstəmli, milli televiziyanın “Xəbərlər”
proqramının əməkdaşı Allahverdi Əsədov, milli
radionun əməkdaşı Eyvaz Yusifli... kimi neçə-neçə
həmkarımız da iş başındaydı. Bizimkilərin planlaşdırdıqları
“Əsgəran əməliyyatı”nın baş tutmaması, yüzlərlə
günahsız Xocalı sakininin vəhşicəsinə qətlə
yetirilməsi hamımızı sarsıtmışdı. S.Mövsümlü,
Ç.Mustafayev için-için ağlayır, bu dəhşətləri
videolentin yaddaşına köçürürdülər. Yadımdadır,
bir neçə gün sonra Xocalı soyqırımı Ali Sovetdə
müzakirə olunarkən Çingiz böyük əziyyətlər hesabına
çəkdiyi kadrları deputatlara göstərməyə müvəffəq
oldu. Fevralın 27-də “Səhər” qəzeti respublikada
1-ci olaraq soyqırım barədə məlumatı dərc etdiyindən
əhalinin müəyyən təsəvvürü vardı. Həmin kadrların
videolent vasitəsilə deputatlara göstərilməsi,
üstəlik “Səhər” qəzetinin 5 mart 1992-ci il
tarixli sayında ön xətdə çəkdiyim dəhşətli fotoların
bir qisminin çap edilməsi mövcud hakimiyyətin
gedişini sürətləndirdi. Cəbhə bölgələrində Çingizlə
mütəmadi görüşər, söhbətləşərdik. “Mütəllibovun
adamı” kimi tanınsa da, haqqında deyilənləri
rədd edər, yalnız öz işilə məşğul olardı. Laçının
müəmmalı şəkildə işğalı zamanı o, geri çəkilən
əsgərləri söydü. Tam əminliklə deyə bilərəm
ki, S.Mövsümlü işə qarışmasaydı, baş verə biləcək
bədbəxt hadisə uzun müddət qəlbimizi ağrıdacaqdı.
Orada çəkdiyimiz kadrları təcili surətdə AzTV-yə
çatdırdıq. Montaj edildikdən sonra canlı yayıma
çıxan ərəfədə telerepartyor Ç.Mustafayev hövlnak
özünü şirkətin sədri Məmməd İsmayılın iş otağına
çatdırdı. Çəkdiklərinin efirə getməsini tələb
etdi. Məmməd müəllim səbrlə onun süjetinə baxıb
dedi: - Çingiz, özün şahidsən ki, Seyidağagilin
də, sənin də çəkdiklərin eynidir. Üstəlik onlar
səndən tez gəlib verilişi montaj da ediblər.
Ona görə də Seyidağagilin süjetini efirə verəcəyəm.
İncimə. Çingiz inadkar idi. Dediyindən dönməzdi.
Kim bilir, bəlkə də qardaşları, onu qəlbən sevənlər
ayağa qalxıb Çingizin halal haqqını tələb etməsəydi,
ona Milli Qəhrəman adı verilməyəcəkdi. Necə
ki, ən ağır döyüşləri tarixin yaddaşına köçürən,
bu fəxri ada çoxdan layiq olan S.Mövsümlü T.Qarayev...
kimilər sağ olduqlarına görə hələ də heç bir
dövlət təltifinə layiq görülməyiblər. ...Deyilənlərə
görə, dəliqanlılığa, tez coşub, tez alışıb-yanmağa
görə dünyada şotlandlardan sonra ikinciyik.
Çingiz də belələrindən idi. Rahat iş-gücünü
ataraq, ailə-uşağını ulu Tanrının və onun yerdəki
bəndələrinin ümidinə buraxaraq ön cəbhələrə
yollandı. Özünü oda-közə vurdu. Növbəti çəkilişlərdən
birində ömrün şəhidlik zirvəsinə yüksəldi. İldə
iki dəfə - olum və ölüm günü xatırlanmaq üçün
şəhid olmamışdı Çingiz. Şəhid olmuşdu ki, sağ
qalanlar, xüsusən də imkanlı soydaşlarımız bu
qəbildən olan insanların ailələrinə qayğı ilə
yanaşsınlar. Olan-qalan imtiyazlarını da əllərindən
almasınlar.
Şamil Sabiroğlu
OLAYLAR IA