SİZİN ANANIZ BİRDİR
Altmışıncı ildə doğulub altmış bahar yaşamayıb,
gülləyə tuş gəldin – ömrün otuz ikisində. Qatilin
müəmmalı olsa da, qətldə məqsəd aydındır, həm
ömrünə, həm də dünya ekranlarına çıxmış və çıxacaq
sənədli süjetlərinə nöqtə qoymaq!
Düşmənin səni hədəf seçməsi təsadüf idimi, qardaş!
Xocalı qırğını haqqında vidiohəqiqətlərin olmasaydı,
ölümün də olmazdı, Çingiz! Deməli, sən təsadüfi,
qəfil güllənin yox, səni izləyən güllənin qurbanı
olmusan! Yaponiya, Almaniya, Amerika kimi iri
dövlətlər sənin Xocalı haqqında videosüjetlərindən
sonra erməninin iç üzünə-astarına bələd oldular.
Onlar videohəqiqətlərinə baxandan sonra Ermənistanı
təcavüzkar kimi tanıdılar və onu də əlavə etdilər
ki, çağdaş günlərimizdə dünyaya yeganə təcavüzkar
dövlət varsa, o da Ermənistandır.
Cibindən iyirmi min xərc çəkib Moskvada Vəzirovu
videonun «yaddaşı»na köçürdün. Həmin o Vəzirov
ki, Azədlıq meydanında «Topxana» harayını qaldıran
camaatın tələblərinə məhəl qoymayıb Arkaki Volskiləri
ac qurd kimi torpağımıza daraşdırdı. Həmin o
Vəzirov ki, Azərbaycanda qoz ağacı əkdirəcəkdi,
hamam tikdirəcəkdi, Azərbaycanı kompüterləşdirəcəkdi
– Azərbaycan erməni taunundan xilas etmək əvəzinə.
Səni telefonla hədələyənlər, hədələyib təhqirə
keçənlər də olub. Dəfnində bildim bunu. Rejissor
qardaşımız Əliheüdər dedi bunu. Dedi və əlavə
etdi ki, Çingizi təhqir edənlər indi rahat ola
bilərlər. Telefon düşmənlərinin istəyi həyata
keçib, Çingiz artıq həyatda yoxdur! Bir yandan
həyat yoldaşının, ananın, bacının fəryadı, bir
yandan da Əliheydərin sözləri gözlərimə yaş
gətirdi, qardaş!
Dəqiq xatırlamıram, Qazaxdanmı, Ağstafadanmı
belə bir süjet çəkmişdin ki, gürcülər gəlib
dəmirimizi özümüzünkülərdən ucuz qiymətə alıb
aparırlar. Balaca minik maşınında oturan və
əlləri ilə üzün gizlədən gürcünün etirazına
baxmayaraq onu çəkdin və çəkib göstərdin ki,
ucuz qiymətə malımızı aparan bunlardı. Sözündən
belə çıxdı ki, gürcülər xeyrini anlayan, biz
isə xeyrimizi anlamayan olmuşuq.
Dəfnində onu da eşitdim ki, düşmən gülləsinə
tuş gələndən sonra videokameranı döyüşçülərimizə
vermisən ki, ömrünün son anlarını çəksinlər.
Necə böyük operativlik, necə böyük qəhrəmanlıq!
Səsin həmişə ön cəbhədən gəlirdi. Jurnalistlərə
cəbhəyə – güllə yağışı altına getmək qadağan
olsa belə. Sonuncu ezamiyyə vərəqəsini sənə
Leyla Yunusova yazıb.Leyla xanım deyir bunu.
Qadağaya baxmayaraq istəyinə nail ola bildin
qardaş! Bəlkə bu dəfə getməsəydin, düşmən gülləsi
də səni tapmazdı. Tapmazdı, qardaşım, tapmazdı…
Qardaşım, ayrı-ayrılıqda sənin də, Salatının
da Alının da, Kərimağanın da ananız var. Məzarda
isə ananız birdir: Azər-bay-can! Bunu rəmz kimi
yox, həqiqət kimi qəbul etməliyik.
Nizami MÜŞTƏBAOĞLU
“İNŞAATÇI” qəzeti.
21 iyul, 1992.
.