BAĞIŞLA BİZİ, ÇİNGİZ!…
Biz sənə çox şeyi bağışlaya bilmirdik. Sən
bizə hər şeyi bağışla, Çingiz!
Bağışla ki, sənə paxıllıq etməkdən, sənə həsəd
aparmaqdan özümüzü saxlaya bilmədik. Bağışla
ki, sənin uğurlarına həmişə ürəkdən sevinməyi
bacarmadıq. Bağışla ki, azacıq büdrəyəndə bəzən
ayağından dartmağa can atırıq. Bağışla ki, yağı
gülləsinə tuş gələnəcən neçə dəfə tikanlı sözlərimizə,
xəbis baxışlarımıza , kinli istehzalarımıza
hədəf eləmişdik səni; bu tikanlı sözlərlə, xəbis
baxışlarla, kinli istehzalarla neçə yol ürəyini
ağrıtmışdıq, könlünü dağlamışıq, ruhunu küsdürmüşük.
Bağışla ki, sənin haqqını danırıq, adını yüz
yerə, yüz cürə hallandıra-hallandıra sinənə
dağ çəkirdik. Bağışla bizi Çingiz, sənin haqqını
danıb adını hallandıranların hamısının əvəzinə
ruhunun qarşısında yüz dəfə, min dəfə, milyon
dəfə üzr istəyirəm. Sənin ruhun mənim üzürxahlığımı
qəbul edər – elə bilirəm ki, adını hallandırıb
haqqını danmayan şəxsən mənim sənin ruhundan
üzr diləməyə hardasa ufacıq da olsa haqqım çatır.
Və bu ufacıq haqqa söykənib hamınızın adından
o, müqəddəs o göbzəgörünməz ruhuna üz tutub
deyirəm: bağışla bizi…!
Adətən belə hallarda – aramızdan qəfil gedən
nakam oğullarımız haqqında bu cür deyirik: bağışla
ki, səni QORUYA bilmədik. Mənsə ruhuna üz tutub
deyirəm: bağışla ki, səni ANLAYA bilmədik. Anlaya
bilmədik - çünki ixtisasca jurnalist olmayan
sənin bu meydanda bu cür cəsarətlə, qeyrətlə,
ustalıqla at oynatmağın. Meydan sulamağın bizə
qəribə gəldi; bizə çatmadı. Sən bu meydanda
qəfil peyda oldun; sürətlə gəlib və gəldiyin
sürətlə qəfil atını çapıb qeybə çəkildin. Və
sənin cəmisi 32 illik mənalı həyatın kimi, jurnalist
fəaliyyətinin ömrü də şimşək kimi çox qısa oldu.
Lakin bu qısa vaxtda sən bizim çoxlarımızın
edə bilmədiklərini etdin, özü də təkbaşına.
Bir az da bu çatmadı bizə: bir az da burasını
anlaya bilmədik. Üstəlik sən həm də həkim idin
– bir az da burası çaşdırdı bizi.
İxtisasca musiqiçi deyildin, amma musiqisiz
yaşaya bilmirdin – bizə qəribə görünən bir az
da burası oldu. Və biz səni dərk edə bilmədik;
bu meydanda necə peyda olduğunu və niyə peyda
olduğunu heç cürə anlayanmadıq.
İndi isə anladıq: sən ixtisasca vətəndaş idin
– vətənin müqəddəsliyini, torpağın müstəqilliyini,
yurdun azadlığını, xalqın xoşbəxtliyini canından
artıq sevən, bu yolda canından keçməyə hər dəqiqə
hazır olan qeyrətli, cəsarətli, fədakar, adı
böyük hərflərlə yazılmağa layiq olan VƏTƏNDAŞ!
…Heç demə çox adi, çox sadə bir həqiqətmiş.
Fəqət biz bu adidən adi, sadədən sadə həqiqəti
gec, çox gec anladıq. Bağışla bizi, Çingiz!..
Mahir QARAYEV.
«AZƏRBAYCAN» qəzetinin xüsusi buraxılışı. «ÇİNGİZ».
İyun, 1993.
.