REPORTYOR
Bir Amerika mahnısı var: «O, canlara dəyən
oğlan idi». Əsgərlər oxuyurlar bu mahnını. Döyüş
dostlarını itirəndə, vaxt-bivaxt yığışıb onların
xatirəsini yad edəndə oxuyurlar. Deyirlər, prezident
Kennedini torpağa tapşıranda bütün Amerika oxuyurdu
bu mahnını...
Son günlərdə iki dəfə görmüşəm Çingizi. Əvvəlcə
respublika daxili işlər nazirinin müavini, polkovnik
Rövşən Cavadovun iş otağında «görüşdük». Telefonatlı
kimi işlədilən kiçik jurnal stolunun üstündə
Çingizin foto-şəklini unudulmaz alimimiz Xudu
Məmmədovun portreti ilə yanaşı gördüm.
Biri bir az çılğın və səbirsiz, biri isə mülayim
və təmkinli… Və hər ikisi vicdan səsi, həqiqət
rəmzi – nurlu işıqlı…
Canlara dəyən oğullar, idi onlar. İndi darısqal
otaqdakı kiçik jurnal stolunun üstündə baş-başa
verib, telefonla ötürülən xəbərləri, cəbhə bölgələlərindən
gələn polis zabitlərinin raportlarını dinləyirdilər
elə bil…
«Nəbilər kəndinin üstündəyik. Çingiz yaxamdan
tutub dedi ki, «gedək, komandir gedək! Biz Şuşaya
girməliyik! Şuşa komandir, Şuşa!..».
ikinci dəfə Çingizi «Yaramaz» bədii filimində
gördüm. Yadınızdadırmı: təzəcə tanış olduğu
qızla kinoteatrdan çıxında sözünü, danışığını
bilməyən Yaramaz küçədə yekə-yekə danışanda
cavanlar onu əzişdirirlər. Vaxt keçir, Yaramaz
müdir olur, maşında gedəndə həmin cavanlardan
birini görür. Düşüb onu döyür şoferin də ovcuna
pul basır ki, «sən heç nə görmədin!».
Filimdə Yaramazı döyənlərdən biri Çingiz idi.
Filimdə Yaramazın döydüyü gənc də Çingiz idi.
Həyatda da Çingizin «döydükləri» Yaramazlar
idi və Yaramazların da döydükləri Çingiz idi.
Amma filimdəki Çingizin döyülməsi ilə həyatdakı
Çingizin şəhidliyi arasında qısa bir yol var
idi və Yaramazlar bu yolda onun qarşısına hər
addımbaşı çıxırdılar…
Şuşa xəyanətin qurbanı olmuşdu. Bütün xalqı
sarsıdan bu dəşhətli faciədən iki-üç gün keçirdi.
Çoxları Şuşanın əldən getməsinə hələ də inanmaq
istəmirdi… Otağıma üç ordu zabiti gəldi.
- Bizi nazir göndərib. «215 Kl» bu gün efirə
getməməlidir.
«215 Kl»in başının üstünü yenə təhlükə aldığını
cəbhədən təzəcə qayıtmış Çingizə, görünür, montaj
otağında xəbər vermişdilər.
- Niyə getməməlidir?
Soruşan Çingiz idi. Mənə ucadan deyilən sözləri
dəhlizdə eşitmişdi. Arıqlamışdı, gözləri çuxura
düşmüş, rəngi ağarmışdı. Nə vaxtdan bəri dinclik,
istirahət bilməyən, daim özünü oda-közə vuran,
reportajdarını güllə yağışı altında çəkən bu
adam didim-didim didilmişdi sanki. Başdan ayağa
sızıltı idi, göynərti idi, əzab idi, iztirab
idi ki, qovrula-qovrula soruşurdu: «Niyə getməməlidir?»
hikkəli-hikkəli dedilər:
- Bəsdir təxribatla məşğul oldun! Verilişin
efirə getməyəcək!
- Təxribatla sizi bura göndərənlər məşğul olurlar,
mən yox! Məgər Şuşanın verilməsindən də böyük
təxribat ola bilər?
- Artıq-əksik danışma! Yoxsa bu saat qollarını
burub, aparırıq səni nazirliyə!
Onlar danışır, Çingiz isə maddım-maddım baxırdı.
Birdən üzünü mənə tutub acı-acı gülümsədi:
- Bəlkə siz deyəsiniz, nə vaxtadək bunlar bizi
adam yerinə qoymayacaqlar, nə vaxta kimi bizi
avam hesab edəcəklər?
Mən isə ona baxır və düşünürdüm ki, bu televiziya
ekranının çox qəribə bir xüsusiyyəti var: sən
bu ekrandan danışırsan, söz deyirsən, kimdənsə
müsahibə alırsan, yaxud nəyisə xəbər verirsən
və bu zaman heç özün də hiss etmirsən ki, sənin
verdiyin informasiya ilə yanaşı tamaşaçıya başqa
bğir informasiya da gedir. Bu informasiya bilavasitə
sənin özünün haqqındadır. Səmimi adamsan, yaxud
süni, dediklərin həqiqətdir, yaxud yalan, biliklisən
və ya «piyada»… Öz sözünü deyirsənmi? Göründüyün
kimisənmi?.. Televiziya kimi ikinci bir adamtanıyan
yer üzündə yoxdur və insanın qəlbini oxumaqda
heç bir direktor onunla bəhsə girə bilməz. Və
hər dəfə Çingiz ekranda görünəndə televiziya
öz tamaşaçısına eyni sözləri deyirdi: - Bu oğlan
ƏSL JURNALİST, ƏSL REPORTYORDUR. Çünki o, ŞƏXSİYYƏTDİR.
O, həmişə göründüyü kimidir. O, istedaddır,
fonomendir. Canı öz xalqının canına sarıqlıdır.
İnanın ona!
Bu gün Çingizin reportajlarını xatırlayanda
onun faktı, hadisəni görmək, təhlil etmək, nəticə
çıxarmaq və mənalandırmaq, gələcək hadisələrin
proqnozunu vermək bacarığına heyran olursan.
Mənə elə gəlir ki, bu ötən altı-yeddi il ərzində
bütün respublikada hələ heç kəs bir anın içində
Çingiz qədər sarsılmayıb. Xocalı qırğınının
qurbanları arasında qətlə yetirilmiş körpə qızcığazı
qucağına götürmüş Çingizin «Ay Allah!» naləsi
bütün dünyanı sarsıltdı. Erməni faşizminin və
namusu ayaqlar altına atan hakimiyyət hərislərinin
iç üzünü bütün çılpaqlığı ilə açıb göstərdi.
Mən qəti inanıram ki, Allah o naləni, o sızıltını
– Çingiz ürəyinin səsini eşidib.
Allah gec eylər, güc eylər!
…Tanklar, zirehli maşınlar Laçından çıxıb dərəaşağı
üzübəri gəlir. Azərbaycanın gözləri önündə yeni
xəyanət, yeni faciə baş verir. İndi də düşmənə
Laçın peşkəş verilir. Tankların qabağını Çingiz
kəsir.
- Hara qaçırsınız? Qorxaqlar!
Kişi deyilsiniz siz, biqeyrətsiniz!
Qışqırmaqdan səsi batıb onun. Az qala hıçqıra-hıçqıra
yalvarır:
- Qayıdın! Qayıdın da nə olar?!
Vallah, bu televiziyanın sözünü, danışığını,
hərəkətini bilməyən, «qara qutu»nun sirlərindən
və sehrindən baş açmayan, adicə şəhərlərin,
aeroportların adlarını belə təhrif edən, hətta
Azərbaycan dilini təzə-təzə öyrənən, üz-gözündən
heç bir intellekt əlaməti duyulmayan şöhrətpərəst
«jurnalistləri» hələ çox olacaq.
Elə buna görə də Çingizin yerini heç kim tuta
bilməyəcək. Çünki o, İSTEDAD İDİ, QEYRƏT İDİ.
Ələkbər ABBASOV
”GÜNAY” qəzeti.
15 iyun 1994.